Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Almaniyanın nüfuzlu Aachen Texniki Universiteti (RWTH Aachen) arasında əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
İmzalanma mərasimi UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərliyi ilə keçirilmişdir. Tədbirdə Aachen Universitetinin nəzdində fəaliyyət göstərən ITA İnstitutunun direktoru professor Thomas Gries, ITA Academy GmbH-nin Türkiyə üzrə regional nümayəndəsi Esra Yüksel Yılmaz, “Synergia Academy”nin rəhbəri Rəna Əfəndiyeva, şirkətin təlim üzrə baş məsləhətçisi Aytən Cəbrayılova və universitetin digər əməkdaşları iştirak etmişlər.
Görüş zamanı professor Ədalət Muradov UNEC-in akademik potensialı, rəqəmsal idarəetmə modeli, beynəlxalq əməkdaşlıqları, ikili diplom və mübadilə proqramları, eləcə də universitetin dünya reytinqlərindəki mövqeyi barədə ətraflı məlumat vermişdir.
Professor Thomas Gries UNEC-in müasir təhsil yanaşmalarını yüksək qiymətləndirmiş və iki ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlığın strateji əhəmiyyətini vurğulamışdır. Görüşün nəticəsi olaraq, UNEC və RWTH Aachen Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, tədqiqat layihələrinin hazırlanması, beynəlxalq sertifikat proqramlarının həyata keçirilməsi, ömürboyu təhsil və innovativ tədris metodologiyaları üzrə təcrübə mübadiləsi, həmçinin ətraf mühitin idarə olunması sahəsində ortaq təşəbbüslər nəzərdə tutulur.
“Synergia Academy” olaraq bu strateji əməkdaşlığın regionun təhsil sisteminin inkişafına və qlobal elmi inteqrasiyaya töhfə verəcəyinə inanırıq.